BIRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI
BAŞ KATİB
Beynəlxalq əlilliyi olan şəxslər günü münasİbətİ İlə
MÜRACİƏT
3 dekabr 2012
Bu il keçirilən Paralimpiya Oyunları əlilliyi olan şəxslərin yüksəlmək və ruhlandırmaq üçün böyük potensiallarının olduğunu xatırlatdı. Bir qız paralimpiya çempionuna yazmışdı: “Həyatdakı çətinliklərin öhdəsindən necə gəldiyinizi, idmanda yeni qələbələr və uğurlar qazandığınızı görmək mənə güc və ilham verir.”
Əlilliyi olan şəxslərin cəmiyyətə xüsusi müsbət təsirləri var və onların iştirakına əngəl törədən maneələri aradan qaldırsaq verdikləri töhfələr daha böyük olar. Bu gün dünyada bir milyarddan çox əlilliyi olan şəxs yaşayır və bu o deməkdir ki, indi bu məsələ hər zamankından daha çox önəm daşıyır.
BMT-nin qeyd olunan məsələlər üzrə sülhməramlı səfiri, əfsanəvi superstar Stevie Wonder özündə digərlərinə xidmət ruhunu təcəssüm etdirir. Bu il Baş Qərargahda BMT Günü ilə əlaqədar möhtəşəm konsert verdikdən sonra o mənə dedi, “Mən BMT vasitəsilə dünyanı yaxşılaşdırmaq yolunda etmək istədiklərimin hələ bir zərrəsini belə etməmişəm.”
Bizim çağırışımız odur ki, bütün insanlar istədikləri və layiq olduqlarına eyni dərəcədə sahib olmaq hüququ ilə təmin olunsunlar. Nəticədə hər kəs üçün daha yaxşı bir dünya qurulacaq. Bu il keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Rio+20 Konfransında tərəflər istifadə imkanının istədiyimiz gələcəyə sahib olmaq üçün çox önəmli olduğuna dair razılığa gəldilər.
Biz BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Nizamnaməsinin məqsədlərinə nail olmaq üçün birlikdə mübarizə aparmalıyıq: ayrı-seçkilik və təcrid hallarını aradan qaldırmalı, müxtəliflik və birliyi dəyərləndirən cəmiyyətlər yaratmalıyıq.
BMT Baş Assambleyası gələn il vacib öhdəliklər və hələ də həyata keçirilməyən fəaliyyətlər arasındakı boşluğu aradan qaldırmağa stimul vermək məqsədilə “Əlillik və İnkişaf” mövzusunda yüksək səviyyəli iclas keçirəcəkdir. Bu yığıncaq beynəlxalq ictimaiyyətin əlilliyi olan şəxslərin hüquq, qayğı və töhfələrini bütünlüklə təqdim edən 2015-ci il inkişaf gündəliyini önə çəkmək üçün çalışdığı müddətdə baş tutacaq.
Bu Beynəlxalq Əlilliyi olan Şəxslər Günü yüksək səviyyəli iclas üçün hazırlıqların rəsmi açılış mərasimini qeyd edir. Təklif edirəm ki, bu günü daha çox əlilliyi olan şəxslərin öz hüquqlarından faydalanması və böyük potensiallarını həyata keçirməsini təmin etmək yolunda çalışaraq qeyd edək.