BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti (UN DESA) və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının (ƏTİ) dəstəyi ilə “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru”mövzusunda Bakı şəhərində beynəlxalq Konfrans təşkil olunacaqdır. Tədbirin keçirilməsini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstəkləyir və tövhəsini verir.
Konfransın əsas məqsədi BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının 9 – cu maddəsi və BMT – nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11 – ci məqsədi əsas götürülərək ətraf mühitin əlilliyi olan şəxslər üçün müyəssərliyinə dəstək olmaqdır.
Tədbirdə BMT nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti rəsmilərinin, 14 xarici ölkənin aidiyyatı qurumlarının 40 – a yaxın nümayəndə heyətinin, habelə Respublikamızın dövlət qurumlarının, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və əlilliyi olan şəxslərin iştirakı gözlənilir. Qonaqların həmçinin Milli Məclisdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüşləri gözlənilir.
