Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. O, Birinci Dünya Müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərdən birində həlak olub.[1]
Azərbaycanın ikinci müstəqilliyi dövründə – 1992-ci ilin aprelin 8-də isə baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan, "Su-25" döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyarəni arsenalına qəbul edib. Az sonra "Nasosnı" – indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib. 1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ və HHMQ) komandanı kimi fəaliyyətini davam etdirib. 2014-cü ildən komandan Ramiz Tahirov'dur.
1994-cü ildə — atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda başlanan hərbi islahatlar prosesinin özəyini məhz HHQ və HHMQ təşkil edib. Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və bu əraziləri işğaldan qurtarmaq işində qırıcıların, hərbi təyyarələrin və hava hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edildi. 1995-ci ildə — Azərbaycanın illik hərbi büdcəsinin 80–90 milyon dollara yaxın olduğu dövrdə HHQ və HHMQ-yə təxminən bir neçə milyon dollar vəsait ayrılırdısa, 2008-ci ildə bu rəqəmin az qala hərbi büdcənin 15 faizini əhatə etməsi ilə bağlı ehtimallar səslənib. Bu isə 1 milyard 500 milyon manatlıq hərbi büdcənin təxminən 250 milyon manatı deməkdir
Əlil Təşkilatları İttifaqı