Hamı üçün ləyaqət, azadlıq və ədalət
1. Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bütün insanların hüquqlarını təsbit edir.
· Dünyanın bütün regionlarını təmsil edən, müxtəlif hüquqi və mədəni təcrübələrə malik nümayəndələr tərəfindən hazırlanmış Bəyannamə hər bir insanın ləyaqət və dəyərinin bərabərliyini tanıyan ümumbəşəri, bölünməz və ayrılmaz hüquqlar toplusudur.
· Beynəlxalq ictimaiyyət ilk dəfə olaraq, vahid dəyərlər toplusu barədə razılığa gəldi və hüquqların hər bir insana xas olduğunu və dövlət tərəfindən verilmədiyini qəbul etdi.
· Bəyannamə ilk dəfə olaraq, bütün insanların təhsil hüququndan tutmuş, bərabər əmək haqqı almaq hüququna qədər, bölünməz və ayrılmaz hüquqlarını müəyyən etdi.
· O, hər kəs üçün faydalı, daha bərabər və inklüziv dünya üçün dəyişikliyə yönələn hərəkatlara ilham verməyə davam edir.
· Bəyannamə fərdi fərqlilikləri aşan ortaq insanlıq (bərabərlik) hissini təşviq edir və bütün hüquqların - iqtisadi, sosial, mədəni, mülki və siyasi hüquqların həyata keçirilməsinə kömək edən milli, regional və beynəlxalq qanunlar və institutların yaranmasına səbəb olub.
· Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyində onun Bəyannaməyə əsaslandığı və insan hüquqlarının təmin edilməsi şəraitində icra olunmalı olduğu açıq şəkildə vurğulanır.
· Bəyannamənin elan edilməsindən keçən (təxminən) 75 il ərzində insan hüquqları sahəsində irəliləyişlər əldə edilmişdir.
· Biz bilirik ki, insan hüquqları tərəqqi üçün təkanverici qüvvədir, çünki onlar artıq öz potensialını nümayiş etdirib: Qadınların, uşaqların və gənclərin, yerli xalqların öz torpaq və mədəniyyətlərini qoruyub saxlamaq hüquqlarının yaxşılaşması, bir çox ölkələrdə ölüm hökmünün ləğv edilməsi - bütün bu səylər insan hüquqlarına söykənirdi.
· Buna baxmayaraq, tərəqqi hüquqlar və bərabərlik uğrunda mübarizənin nə vaxtsa bitəcəyini ehtiva etmir. Bir çox çətinliklərin qalmaqda olduğunu və insan hüquqlarına qarşı qlobal müqaviməti nəzərə alaraq, Bəyannamə bu gün hər zamankından daha aktualdır.
· Hüquq pozuntularının əks-sədası sərhədlər və nəsillər boyu hiss edilir. Onlara birlikdə qalib gəlmək olar və edilməlidir. Dünyanın yeni və davam edən pandemiyalar, münaqişələr, artan bərabərsizliklər, mənəvi cəhətdən iflasa uğramış qlobal maliyyə sistemi, irqçilik, iqlim dəyişikliyi kimi çağırışlarla üzləşdiyi bir vaxtda, Bəyannamədə təsbit olunmuş dəyərlər və hüquqlar heç kimi geridə qoymayan müştərək tədbirlərimizə istiqamət verir.
· Tətbiq edildikdə, insan hüquqları siyasətlər üçün sərhəd və inkişaf, sülh və təhlükəsizlik istiqamətində konkret fəaliyyətlər üçün plan kimi çıxış edir.
· Çağırışlar təkamül etdiyindən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı səylərini artırdı və Bəyannamənin hamı üçün insan hüquqlarına nail olmaq vədini yerinə yetirmək üçün insan hüquqları müdafiəçiləri, dövlətlər və bütün tərəfdaşlarla birgə işləyir.
· Bəyannamə hər kəsi insan hüquqlarının müdafiəsi uğrunda fəal olmağa çağırır. Bizim hamımızın oynaya biləcəyi bir rolu var. Biz hamı üçün daha böyük azadlıq və bərabərliyi həyata keçirməyə səy göstərərkən, digərlərinə dəstək göstərə və onlardan öyrənə bilərik.
· Gəlin, özümüzün və başqalarının hüquqlarını müdafiə etmək və bu nəsil və gələcək nəsillər üçün daha dayanıqlı, ədalətli və firavan dünya naminə birlikdə çalışmaq üçün gündəlik həyatımızda addımlar ataq.
· Bəyannamənin əsl ruhuna uyğun olaraq, biz qarşısıalınmaz sosial fəsadlar yaradan, cəmiyyətin quruluşunu parçalayan, qeyri-sabitliyi artıran və daim artan bərabərsizliklərlə nəticələnən iqtisadi münasibətləri və modelləri dəyişdirməliyik.
· Biz ədalətli və dayanıqlı inkişafa aparan yolda etimadı bərpa etmək və insan hüquqlarına dair ortaq və hərtərəfli baxışı qəbul etmək üçün hökumətlər və onların xalqları arasında və cəmiyyətlər daxilində sosial müqaviləni yeniləməliyik.
Əlil Təşkilatları İttifaqı