QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırılıb.


 

Baş nazir qrantlarla bağlı qərara dəyişiklik etdi - QƏRAR

QHT-lər tərəfindən xidmətlərin göstərilməsi haqqında müqavilələrin qeydiyyatı asanlaşdırılıb.

Bu barədə "QHT.az"a Nazirlər Kabinetindən məlumat verilib.

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının 4.5-ci bəndi ilə Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş xidmətlərin “ASAN xidmət” indeksi qiymətləndirilməsinin nəticələri əsasında dövlət xidmətlərinin təkmilləşdirilməsi mexanizminin yaradılması tapşırılıb.

Qərar dövlət xidmətlərinin göstərilməsi zamanı dövlət informasiya ehtiyatları və sistemlərində olan sənədlərin (məlumatların) vətəndaşlardan tələb edilmədən həmin informasiya ehtiyatları və sistemlərindən əldə edilməsi, bununla da dövlət xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı müddəaları müəyyən edir.

Qərara əsasən xarici donorlar tərəfindən Azərbaycanın ərazisində qrant vermək hüququnun əldə edilməsi və qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilməyəcək.

Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli və “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1408; 2021, № 5, maddə 516) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”na aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:

 

“2.3. Müqavilənin qeydiyyata alınması üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi 2 mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.

 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1558; 2016, № 5, maddə 955; 2017, № 1, maddə 126, № 7, maddə 1498) ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”na aşağıdakı məzmunda 2.4-1-ci bənd əlavə edilsin:

 

“2.4-1. Qrant vermək hüququnun əldə edilməsi üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”

 Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 aprel 2023-cü il

№ 97

 

Əlil Təşkilatları İttifaqı

 

 






Tarix:5/4/2023     old.udpo.az saytı Geri