39. «Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2005-ci il


«Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası»nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

«Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Bakı şəhəri 26 dekabr 2005-ci il

№ 241  

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2005-ci il 26 dekabr tarixli 241 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması

 

Q A Y D A S I

 

1. Bu Qayda «Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 264 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin registrinin yaradılması və aparılması qaydasını müəyyən edir.

2. İrsi qan xəstəliyi olan şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, xəstələrin sağlamlığı, ağırlaşmalar, əlillik, sağlamlıq imkanlarının məhdudluğu və ölüm halları, habelə müalicə-profilaktika tədbirlərinin səmərəliliyi barədə məlumat almaq məqsədi ilə yaradılır. [1]

3. Hemofiliya irsi qan xəstəliyi olan şəxslərin registri akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nəzdindəki Respublika Hemofiliya Mərkəzində, talassemiya irsi qan xəstəliyi olan şəxslərin registri isə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda yaradılır.

4. Registrdə xəstənin şəxsiyyəti, xəstəliyi barədə məlumat və tibbi yardım haqqında göstərişlər qeyd olunur, hər bir xəstə üçün xüsusi kart doldurulur və bu kart məlumat bankına daxil edilir.

5. Hemofiliyalı və talassemiyalı xəstələrin xüsusi kartlarının forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir.

6. Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərin xüsusi kartları qeydiyyatda olduqları tibbi müəssisələrdə onlara diaqnoz qoyulduğu tarixdən bir aydan gec olmayaraq və bundan sonra ildə 2 dəfə (yanvar və iyul aylarının sonundan gec olmayaraq) mövcud olan məlumatlar əsasında müalicə həkimi tərəfindən doldurulur.

7. Doldurulmuş xüsusi kart tibbi müəssisənin rəhbəri tərəfindən imzalanır və qoşma məktubla birlikdə müvafiq registrə təqdim edilir.

8. Təqdim olunmuş xüsusi kartların uçot jurnalları və bu kartlar daxil edilən qovluqlar irsi qan xəstəliyi olan şəxslərin registrinin tərkib hissəsidir.

9. Xüsusi kartların uçot jurnalı və bu kartlar daxil edilən qovluqlar daimi saxlanılır.

10. İrsi qan xəstəliyi olan şəxslərin registrində hemofiliya və talassemiyanın kliniki və genetik formalarına uyğun bölmələr ayrılır.

11. İrsi qan xəstəliyi olan şəxslərin registri kağız üzərində və elektron daşıyıcılarında aparılır. İrsi qan xəstəliyi olan şəxslərin registrinin kağız üzərində və elektron daşıyıcısındakı məlumatlar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir.

 

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə 2-ci bəndində «əlillik» sözündən sonra « , sağlamlıq imkanlarının məhdudluğu» sözləri əlavə edilmişdir.

 

  

 






Tarix:     old.udpo.az saytı Geri