“Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardımın göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.8-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardımın göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 4 dekabr 2006-cı il
№ 256
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 4 dekabr tarixli 256 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardımın göstərilməsi
QA YD AS I
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qayda “Onkoloji yardım haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 442 nömrəli Fərmanının 1.8-ci bəndinin icrası məqsədilə hazırlanmışdır və azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardımın göstərilməsi qaydasını müəyyən edir.
1.2. Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardım Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən cəzanın icrası qaydasına və şərtlərinə uyğun təşkil edilir və həyata keçirilir.
1.3. Azadlıqdan məhrum olmuş şəxslərə onkoloji yardım azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində və tibbsanitariya hissələrində göstərilir. Müalicə müəssisələrində stasionar şəraitdə müalicəyə ehtiyacı olan məhkumlar cəza çəkirlər.
2. AZADLIQDAN MƏHRUM OLMUŞ ŞƏXSLƏRƏ ONKOLOJİ YARDIMIN GÖSTƏRİLMƏSİ
2.1. Cəzaçəkmə müəssisələrinin müalicə müəssisələrində:
2.1.1. tibb-sanitariya hissələrindən onkoloji xəstəliyə şübhəli bilinərək göndərilmiş şəxslər cəzanın icrası və çəkilməsinin müəyyən edilmiş qaydasına uyğun saxlanılmaqla, ətraflı kliniki, laborator, rentgenoloji, funksional-diaqnostik müayinə ilə və həkim-onkoloq tərəfindən tibbi məsləhətlərlə təmin olunurlar;
2.1.2. sitoloji müayinə üçün həmin şəxslərdən bioloji material nümunələri götürülür və bu müayinənin aparılmasına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Tibb Universitetinin müvafiq mütəxəssisləri cəlb edilə bilərlər;
2.1.3. bioloji material nümunələri Milli Onkoloji Mərkəzin laboratoriyasında sitoloji müayinə edilir və rəy verilir;
2.1.4. diaqnozu dəqiqləşdirilmiş (lokalizasiya, ətraf toxumalara sirayət edilmə dərəcəsi və metastazlar) onkoloji xəstələrdə həkim-onkoloqun təyinatı əsasında xüsusi sitostatik kimya terapiyası, radikal və ya palliativ cərrahi əməliyyatlar, radioloji və digər müalicələr aparılır.
2.2. Onkoloji xəstələrin müalicəsi onların özlərinin və ya ailə üzvlərinin yazılı razılığı əsasında həyata keçirilir. 18 yaşına çatmamış onkoloji xəstələrin müalicəsi onların valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı əsasında həyata keçirilir.
2.3. Onkoloji xəstələrin həyat və sağlamlığı üçün ciddi təhlükə olduqda, müvafiq müalicə yazılı razılıq olmadan da aparıla bilər.
2.4. Təyin edilmiş müayinə və müalicə prosedurlarını həyata keçirmək üçün müvafiq avadanlıq və digər şərait olmadığı halda, həmin prosedurları həyata keçirmək məqsədilə və lazımi təhlükəsizlik tədbirləri görülməklə, onkoloji xəstələrin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan dövlət tibb müəssisələrinə göndərilməsi təmin edilir.
2.5. Onkoloji xəstələrin stasionar müalicə üçün dövlət tibb müəssisələrinə göndərilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və Penitensiar Xidməti tərəfindən, saxlanma rejimi isə Penitensiar Xidmət tərəfindən dövlət tibb müəssisələri ilə razılaşdırılır.
2.6. Onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
2.7. Müvafiq tibbi yardım aldıqdan sonra vəziyyəti sabitləşmiş onkoloji xəstələr müşahidə altında cəza çəkdikləri cəzaçəkmə müəssisələrinə geri qaytarılırlar.
2.8. Dispanser nəzarətində olan və həkim-onkoloqun rəyinə əsasən növbəti stasionar müalicə kursunun vaxtı çatmış, habelə vəziyyətində ağırlaşma, yaxud fəsadlaşma müşahidə edilən onkoloji xəstələr müalicə müəssisələrinə təkrarən hospitalizə olunurlar və onlara aid lazımi müayinə və müalicə tədbirləri aparılır.
2.9. Xəstəliyin gecikmiş mərhələsində aparılmış kimya terapiyası, cərrahi əməliyyatlar, radioloji və digər müalicə tədbirlərinin nəticəsiz olduğu və belə müalicə tədbirlərinin aparılmasına tibbi göstəriş mövcud olmadığı hallarda (inkurabel və inoperabel) onkoloji xəstələrə simptomatik, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatlarla müalicə təyin edilir (narkotik ağrıkəsici preparatlar müvafiq uçot və qeydiyyat tələblərinə riayət edilməklə tətbiq olunur).
2.10. Onkoloji xəstələrin müalicəsi üçün illik ayrılan dərman vasitələrinin, o cümlədən narkotik və qeyri-narkotik ağrıkəsici preparatların siyahısı və miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
2.11. Eyni zamanda ağciyər vərəmi xəstəliyi olan onkoloji xəstələrin hansı müəssisələrdə müalicəyə cəlb olunması patoloji proseslərdən hansının klinik olaraq üstünlük təşkil etməsi ilə müəyyən olunur.
2.12. Cəzaçəkmə müəssisələrinin tibb-sanitariya hissələrində:
2.12.1. azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər müntəzəm olaraq tibbi-profilaktiki baxışdan, habelə müraciətlərinə əsasən klinik müayinədən keçirilirlər və onkoloji xəstəliyə şübhəli bilinənlər nəzarətə götürülürlər;
2.12.2. onkoloji xəstəliyə şübhəli bilinənlərə nəzarət zamanı bədxassəli prosesə xas olan klinik əlamətlər və laborator müayinələrinin nəticələri müşahidə edildikdə, həmin şəxslər ixtisaslı tibbi yardım almaq məqsədilə müalicə müəssisələrinə göndərilirlər;
2.12.3. müalicə müəssisələrində müvafiq tibbi yardım almış və vəziyyəti sabitləşmiş onkoloji xəstələr dispanser qeydiyyatına alınırlar və onların üzərində nəzarət təşkil edilir, həkim-onkoloq tərəfindən verilmiş ambulator müalicə təyinatı tətbiq edilir və simptomatik, o cümlədən qeyri-narkotik ağrıkəsici preparatlarla müalicə aparılır;
2.12.4. dispanser nəzarətində olan və həkim-onkoloqun rəyinə əsasən növbəti stasionar müalicə kursunun vaxtı çatmış, habelə vəziyyətində ağırlaşma, yaxud fəsadlaşma müşahidə edilən və ağır vəziyyətdə olan onkoloji xəstələr stasionar şəraitdə müalicə olunmaq üçün müalicə müəssisələrinə hospitalizə edilirlər.
2.13. Onkoloji xəstələrin diaqnozunu dəqiqləşdirmək üçün aparılan ilkin müayinə tədbirləri kliniki, instrumental və laborator üsullardan ibarətdir.
2.14. Onkoloji xəstələrə reabilitasiya və dispanser nəzarəti tədbirləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada tətbiq edilir.
2.15. Onkoloji xəstələrə pensiya və müavinətlərin təyin edilməsi və ödənilməsi, habelə onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslərin cəzaçəkmə müəssisələrindən azad edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.