32. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı, 2001-ci il


Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
 

«Valideynlərini itirmiş və valideyn himayəsindən, məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası  Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 188 nömrəli Fərmanının icrasını  təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası  Qanununun icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti nazirlik və təşkilatları dövlət himayəsində olan və olmayan, qəyyumluqda, himayədə  olan, övladlığa verilən, habelə rəsmiləşdirilmədən yaxın qohumunun (baba, nənə, əmi, dayı, bibi, xala və s.) yanında yaşayıb tərbiyə olunan  valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üçün Qanunda nəzərdə tutulmuş güzəşt və  imtiyazların həyata keçirilməsi ilə bağlı lazımi təşkilati tədbirlər görsünlər.

 2. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə:

 valideynlərini itirmiş və valideyn «himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə dövlət ali və orta ixtisas təhsili  müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin vəsaiti hesabına təmin  edilsin və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 180 min manat müavinət verilsin;  valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, orta, orta  peşə-ixtisas və ali peşə-ixtisas təhsili müəssisələrini bitirdikləri zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Bütün tipdən  olan internat məktəblərdə, əqli və ya fiziki cəhətdən qüsurlu uşaqlar üçün internat məktəblərdə, uşaq evlərində, yetim və valideyn  himayəsindən məhrum uşaqlar üçün internat məktəblərdə tərbiyə olunan uşaq və yeniyetmələrin geyim, ayaqqabı və yumşaq  inventarlarla təmin olunması norması haqqında» 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarına uyğun olaraq, müvafiq tədris  müəssisəsinin xərclər smetası hesabına şərti maliyyə vahidinin 25 misli miqdarında mövsümü paltar və ayaqqabı, habelə respublika  üzrə orta aylıq əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunsunlar;  valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət  büdcəsinin mərkəzləşdirilmiş xərclərinin «Təhsil xərcləri» bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılmış vəsait  hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş  normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az  olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunsunlar.

 3. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin «Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların təlim-tərbiyəsinin  və maddi vəziyyətinin əsaslı yaxşılaşdırılması tədbirləri haqqında» 1987-ci il 13 oktyabr tarixli 371 nömrəli, habelə Azərbaycan SSR Nazirlər  Sovetinin «Dövlət himayəsində olmayan yetim uşaqlara və valideyn himayəsindən məhrum uşaqlara kömək göstərilməsi tədbirləri  haqqında» 1990-cı il 28 avqust tarixli 390 nömrəli qərarları və «Azərbaycan Respublikası internat tipli təlim-tərbiyə müəssisələrinin maddi  təminatının, uşaq və şagirdlərin həyat şəraitinin yaxşılaşdırılması, yetim və valideyn himayəsindən məhrum uşaqların sosial müdafiəsi  sahəsində təxirəsalınmaz tədbirlər haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 29 dekabr tarixli 422 nömrəli  qərarının 6-cı bəndi qüvvədən düşmüş hesab edilsin.

 4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin elm, mədəniyyət, xalq təhsili və sosial problemlər  şöbəsinə tapşırılsın.

 5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 7 noyabr 2001-ci il

                   № 179

 

 




Tarix:     old.udpo.az saytı Geri