Sosial Xidmətlər Agentliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
QHT.az xəbər verir ki, tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov 100 illik yubileyini qeyd edən Universitetin müasir çağırışlara cavab verən kadrların yetişdirilməsi istiqamətində fəaliyyətindən bəhs edib. O, müxtəlif sahələr üzrə kadrların, o cümlədən sosial iş ixtisası üzrə mütəxəssislərin hazırlanmasında aidiyyəti qurumlarla elmi-təcrübi və praktik əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, hazırda ADPU-da sosial iş, təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Həmçinin 2020-ci ildən etibarən universitetdə bütün ixtisaslar üzrə bakalavrlar yeni proqramlar əsasında təhsil alırlar.
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 29 filialı, 13 sosial xidmət müəssisəsi olan Agentliyin fəaliyyəti, həssas qruplara göstərilən reabilitasiya yönümlü sosial xidmətlər, bu xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılması üçün aparılan işlər barədə məlumat verib. Qurumun sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən təhsil müəssisələri ilə birgə iş təcrübəsi qurmaqda olduğunu, həmçinin sosial xidmətlər sahəsi üzrə ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Memorandumda Universitetin sosial iş və təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan tələbələri üçün təlimlərin, bakalavr və magistr pilləsində təhsil alanlar üçün təcrübə proqramlarının, habelə birgə kursların təşkili, tələbələrin Agentlikdə könüllü fəaliyyəti üçün şəraitin yaradılması, sosial layihələrin işlənib hazırlanması və həyata keçirilməsi, tələbələrin “start up” layihələrinin nümayiş etdirildiyi innovativ ideyalar müsabiqəsinin həyata keçirilməsi və s. sahələr üzrə əməkdaşlıq istiqamətləri yer alıb.
Bu xəbər 1070 dəfə oxunub