XƏBƏRLƏR




- 7/2/2024 Əlilliyi olan şəxslər növbədənkənar prezident seçkilərində fəal iştirak edirlər.
Əlil Təşkilatları İttifaqının sədri: Məntəqədə səs verən müxtəlif dərəcəli əlilliyi olan şəxslər üçün müyəssərlik təmin edilib

Bakı, 7 fevral, AZƏRTAC
Bu, iştirak etdiyim neçənci seçkidir, dəqiq deyə bilmərəm, amma ölkəmiz müstəqilliyini bərpa edəndən sonra bütün seçkilərdə iştirak etmişəm. Ancaq budəfəki seçkinin özünəməxsusluğu var. Bu Zəfər seçkisidir. Açığını deyəcəyəm, hələ bu qədər coşqu, bu qədər ruh yüksəkliyi ilə keçən seçkiyə rast gəlməmişəm, heç bir seçki zamanı məntəqədə belə ab-hava ilə üzləşməmişəm. Heç şübhəsiz ki, bu, uzun illərdən sonra nail olduğumuz yurdumuzun bütövlüyündən, Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağın doğurduğu qürur hissindən irəli gəlir.
Bu sözləri 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 32 saylı seçki məntəqəsində səs verən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Təşkilat sədri daha sonra öz fikrini belə ifadə edib: “Dairə seçki komissiyası seçkilərə hazırlıqla əlaqədar çox böyük təşkilatçılıq işi görüb. Seçkiqabağı təbliğat kampaniyası aparılıb, seçki gününə qədər bütün seçicilərə bildirişlər paylanılıb, dəvətlər göndərilib. İlk dəfə səs verən gənc seçicilərlə iş aparılıb, əlillik və sağlamlıq vəziyyəti ilə əlaqədar evdə səs vermək istəyən seçicilərin siyahısı tutulub. Məntəqədə səs verən müxtəlif dərəcəli əlilliyi olan şəxslər üçün müyəssərlik təmin olunub. Məntəqənin qapısından içəri girən kimi səliqə-sahman göz oxşayır, qayda-qanun, demokratik ab-hava açıqca hiss olunur. Məntəqəyə girəndən çıxana qədər hər şeyə göz qoydum, çox yaxşı təşkil edilib. Məntəqə seçki komissiyasının üzvləri, müşahidəçilər seçki qanununa tamamilə uyğun şəkildə öz funksiyalarını yerinə yetirirlər. Mən bu gün öz səsimi əmin-amanlığa, ədalətə, müharibəsiz dünyaya, Azərbaycanın yeni uğurlarına səs verdim. Hesab edirəm ki, bunlar çox böyük meyarlardır və həmin meyarların hakim olduğu ölkə gələcəyə doğru daha inamlı addımlar ata bilər”.
Bu xəbər 337 dəfə oxunub
























1.jpg)






































